Avqust ayının 31-də Bakı şəhəri 2 saylı Yerli İqtisad Məhkəməsində "Fatimeyi Zəhra (s.ə.)" məscidinə qarşı Suraxanı RİH tərəfindən qaldırılmış iddia ərizəsi, eləcədə "Fatimeyi Zəhra (s.ə.)" məscidinin dini icmasının BŞİH-nə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə prosesinin son – nəticə hissəsi keçirilmişdir. Proses hakim Miminat Hacıbəyovanın sədrliyi, Arzu Hüseynovanın katibliyi ilə 17.00-da başlamışdır. Məhkəmə Azərbaycan Respublikası mülki-prosessual məcəlləsinin 216-cı və 220-ci maddələrini əlində əsas tutaraq Allah evi haqqında belə bir qərar qəbul etdi: “Suraxanı İH-nin iddia ərizəsi təmin edilsin, qarşılıqlı iddia ərizəsi rədd edilsin. Cavabdeh "Fatimeyi-Zəhra (s.ə.)" məscidinin dindarlarının dini icması Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış massivində yerləşən 1.3 ha torpaq sahəsindən çıxarılsın. Həmin torpaq sahəsində aparılan tikililər ("Fatimeyi Zəhra (s.ə.)" məscidi və mədrəsə kompleksi – “Dəyərlər”) sökülsün. Torpaq sahəsi Suraxanı RİN-nə qaytarılsın. Apelyasiya şikayəti rəsmi qaydada 1 ay müddətində 2 saylı Bakı şəhəri Yerli İqtisad Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə verilə bilər”.
Qeyd edək ki, Bakı “İslam mədəniyyətinin paytaxtı -2009” adını alandan artıq iki məscid sökülüb, 2 məscid bağlanılıb və üçüncü Allah evidir ki, sökülmək təhlükəsi ilə üz-üzədir. Buna qədər isə Yasamaldakı “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscid və Neft Daşlarındakı məscid sökülmüşdü.
Xatırladaq ki, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsində yerləşən "Fatimeyi-Zəhra (s.ə.)" məscidi sabiq ölkə başçısı H. Əliyevin o zamankı icra başçısı Hacıbala Abutalıbova şəxsi göstərişi əsasında tikilmişdir.

"Fatimeyi-Zəhra (s.ə.)" məscidi haqqında iddiaya iqtisad məhkəməsində baxılacaq
2009-07-15 15:21Deyerler.orgSuraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin mərkəzində yerləşən "Fatimeyi Zəhra (s.ə.)" məscidinin fəaliyyətinə dair məhkəmə baxışının keçiriləcəyi haqqında xəbər vermişdik. Əldə etdiyimiz məlumatlara əsasən çərşənbə axşamı saat 17:00-da Suraxanı rayon məhkəməsində iş üzrə baxış kemirilmişdir. Bildirildiyi kimi məhkəmə ittihamçısı kimi Suraxanı Rayon İcra Hakimiyyəti, müdafiə tərəfi qismində isə "Fatimeyi Zəhra (s.ə.)" məscidinin dini icması çıxış edir.
Son məlumatlara əsasən Suraxanı Rayon Məhkəməsi işə xitam verərək baxılması üçün 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. İqtisad Məhkəməsində iddiaya baxışın 10-15 gün ərzində baş tutacağı bildirilir. Qeyd edək ki, ANS PRESS-in məlumatına görə Suraxanı Rayon Məhkəməsində məhkəmə hakimi Zülfüqar Sadıqovun sədrliyi ilə keçirilmişdir.
Hal-hazırda məscid 2 aya yaxındır ki, təmir adı ilə bağladılmışdır. Lakin bu müddətdə məscidin nə daxilində, nə də xaricində hər hansı bir təmir-tikinti işləri aparılmamışdır. Ötən həftənin cümə günü zöhr namazından qabaq isə Suraxanı RPİ-nin 33-cü PB tərəfindən məscidin qapıları möhürlənmiş, bölmə rəisi isə bu haqda açıqlama verməkdən yayınmışdır.
Xatırladaq ki, aprel ayında Yasamal RİH-nin şikayət ərizəsi əsasında “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin də icması məhkəməyə cəlb edilmiş, məhkəmə məscidin sökülməsi haqqında qərar vermişdi. Bundan sonra Allah evi yerlə-yeksan edilmişdi.
***
13 iyul 2009 [19:37]"FATİMEYİ-ZƏHRA (s.ə.)" MƏSCİDİ SÖKÜLMƏK ÜÇÜN MƏHKƏMƏYƏ VERİLDİ
Sabah, həftənin çərşənbə axşamı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin mərkəzində yerləşən "Fatimeyi Zəhra (s.ə.)" məscidinin fəaliyyətinə dair məhkəmə baxışı keçiriləcəkdir. Suraxanı rayon məhkəməsində baş tutması gözlənilən məhkəmə baxışı günün ikinci yarısında başlayacaqdır. Məhkəmədə ittihamçısı kimi Suraxanı Rayon İcra Hakimiyyəti çıxış edir.
Hal-hazırda məscid 2 aya yaxındır ki, təmir adı ilə bağladılmışdır. Lakin bu müddətdə məscidin nə daxilində, nə də xaricində hər hansı bir təmir-tikinti işləri aparılmamışdır. Ötən həftənin cümə günü zöhr namazından qabaq isə Suraxanı RPİ-nin 33-cü PB tərəfindən məscidin qapıları möhürlənmiş, bölmə rəisi isə bu haqda açıqlama verməkdən yayınmışdır.
Xatırladaq ki, aprel ayında Yasamal RİH-nin şikayət ərizəsi əsasında “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin də icması məhkəməyə cəlb edilmiş, məhkəmə məscidin sökülməsi haqqında qərar vermişdi. Bundan sonra Allah evi yerlə-yeksan edilmişdi.
***
10 iyul 2009 [19:26]Suraxanı polis idarəsi məsuliyyəti İcra Hakimiyyətinin üzərinə atır
Yeni Günəşlidəki "Fatimeyi Zəhra (s.ə.)" məscidinin qapılarının qıfıllanmasına dair sualımızı Suraxanı RPİ-nin bölmə rəisi C.Məmmədovun bizi “qaqaş” adlandırması və nəzakətsizcəsinə dəstəyi asmaqla cavablandırdığını bildirmişdik. Asayiş keşikçisi özü qanunun keşiyində olmalı olsa da, bölmə rəisinin timsalında informasiyanın əldə edilməsi haqqında ölkə qanunlarının necə ayaqlar altına atılmasının şahidi olduq.
33-cü bölmənin rəisindən fərqli olaraq onun bilavasitə tabe olduğu Suraxanı rayonu polis idarəsinin rəis müavini Məhəmməd Əli Məmmədov belə etmədi. RPİ-nin rəisi hal-hazırda məzuniyyətdə olduğundan suallarımızı rəis müavini M.Məmmədov cavablandırdı. Polisin məscid bağlamasını inkar edən rəis müavini “Dəyərlər”ə açıqlamasında bu haqda demişdir: “Polis məscid bağlayandır? Polisin məscidlə nə işi var? Bu polislik deyil. Bu barədə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edin. Bu haqda icra başçısından, onun müavinlərindən soruşun”.
Qeyd edək ki, hadisə ilə bağlı Suraxanı RİH-dən münasibət almağa çalışsaq da, RİH-dən başçının və müavinlərinin səyyar görüşlərdə olduğu bildirildi. RİH-nin “İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş” şöbəsinin əməkdaşları isə açıqlama verməkdən yayınmışlar.
***
10 iyul 2009, 18:50QMİ sədr müavini: “Məscidi bağlamazlar. Biz dəfələrlə demişik ki, biz məscidlərin bağlanmasının və yaxud sökülməsinin bir mənalı olaraq əleyhinəyik”.
Xəbər verdiyimiz kimi Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “V” yaşayış sahəsinin mərkəzində yerləşən "Fatimeyi Zəhra (s.ə.)" məscidinin qapıları qıfıllanmışdır. Məscidin qıfılllanması əməliyyatı 33-cü polis bölməsi tərəfindən cümə günü cümə namazından az öncə həyata keçirilmişdir. Hadisə ilə bağlı Suraxanı RPİ-nin 33-cü bolis bölməsinin rəisi Cövdət Məmmədova ünvanlanan sualı bölmə rəisi “Mən o barədə məlumat vermirəm, qaqaş” deyərək dəstəyi nəzakətsizcəsinə asmışdır. Bölmə rəisindən fərqli olaraq Suraxanı RPİ-nin rəis müavinindən rəy almaq mümkün olmuşdur. Bu haqda növbəti materialımızda oxuya biləcəksiniz.
Hadisənin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən necə qiymətləndirilməsini araşdırdıq. QMİ sədrinin müavini Salman Musayev "Fatimeyi Zəhra (s.ə.)" məscidi ətrafında baş verən son olayı qətiyyətlə pisləyərək “Dəyərlər”ə açıqlamasında bildirmişdir: “Əlbəttə ki, bu pis qiymətləndirilir. Məscidi bağlamazlar. Biz dəfələrlə demişik ki, biz məscidlərin bağlanmasının və yaxud sökülməsinin bir mənalı olaraq əleyhinəyik. Buna qarşıyıq. Həmin məsciddə bizim qeydiyyatımız olmadığına görə tam bir söz deyə bilmirik”.
Bildirək ki, "Fatimeyi Zəhra (s.ə.)" məscidinin qapılarının qıfıllanmasında Suraxanı RPİ məsuliyyəti Suraxanı RİH-nin üzərinə atır.
("Dəyərlər" AİN)10 iyul 2009, 17:43
Yeni Günəşlidəki "Fatimeyi Zəhra (s.ə.)" məscidini qıfılladılarLeksikonumuza “qara şənbə” deyilən tarixlə rastlaşmışdıq. İlk dəfə bu söz 1990-ci ilin 20 Yanvar hadisəsindən sonra səslənməyə başlamışdı. Məmləkətimizdə artıq yeni bir söz – “Qara Cümələr” tarixə keçməkdədir.
Bakı İslam Mədəniyyətinin Paytaxtı olandan artıq necənci cümədir ki, ölkədə İslam dininə qarşı irticavi hücumlar edilir. Bu cümə isə Yeni Günəşlidəki Fatimeyi Zəhra (s.ə.) məscidinin qapıları qıfıllanıb. İcma üzvlərindən əldə etdiyimiz məlumatlara əsasən məscidin qapıları Suraxanı RPİ-nin 33-cü polis bölməsi (PB) tərəfindən qıfıllanmışdır. Hal-hazırda məscid ərazisinə heç kəs buraxılmır. Məlumatlara əsasən məscidin qıfıllanması əməliyyatında BM-nin rəisi Cövdət Məmmədov şəxsən iştirak edib. Qıfıllama əməliyyatı zamanı hər hansı sənəd təqdim olunmamışdır.
Hadisə ilə bağlı icma sədri Hacı Hüseynlə əlaqə saxlamağa cəhdlər etdik. Lakin onun nə mobil, nə də ev telefonu daxil olan zəngləri qəbul etmir. Sədrlərinin harada olduğunu icma üzvləri də bilmirlər. Bu icma üzvləri tərəfindən Hacı Hüseynə böyük təzyiqlərin olunması kimi qiymətləndirilir.
Qeyd edək ki, buna qədər də belə cümələr yaşanmışdır. Belə ki, cümə namazlarından birindən öncə Göranboy məscidinin sökülməsi, digərində isə İlahiyyat məscidinə dindarların cümə namazına buraxılmaması kimi hadisələr yaşanmışdır. Göranboydakı "Həzrət Əli (ə)" məscidinin sökülməsinin qarşısı alınsa da, İlahiyyat məscidi ətrafındakı gərginlik hələ də səngimir. Son olaraq, iki gün öncə İlahiyyat məscidinin hocalarından birinin evi sökülmüşdür.
Xatırladaq ki, bir aydan artıqdır ki, Fatimeyi Zəhra məscidi polis vasitəsilə bağladılmışdır. Məscid nə bağlanarkən, nə də son dəfə qapıları qıfıllanarkən bu haqda hər hansı sənəd icma üzvlərinə təqdim edilməmişdir. Mövzunu davam etdirəcəyik.
("Dəyərlər" AİN)










DİNİ KOMİTƏ MƏSCİDLƏRİN BAĞLANMASI VƏ YA SÖKÜLMƏSİ İLƏ MƏŞĞUL OLMADIĞINI DEYİRE.Əsgərov: “Dövlət Komitəsində bu saat Günəşlidəki məscidin sökülməsi məsələsi yoxdur. Məscidin sənədlərinin qeydiyyata alınması prosesi gedir”
- Son günlərdə belə bir xəbər yayılmışdı ki, komitə sədri H.Orucov bildirmişdir ki, Yeni Günəşlidəki Fatimeyi Zəhra (s.ə.) məscidi sökülməlidir. Məlumatın yayıldığı günün sonuna doğru isə bu xəbər təkzib edildi. Bu haqda DQİDK-nin sədr müavini olaraq nə deyə bilərsiniz?- Məndə həmin məscidin sökülüb-sökülməməsi haqqında dəqiq məlumat yoxdur. Mən bildiyimə görə sökülməməlidir. Həmin məscidin icması komitə yaranandan qeydiyyatdan keçməyib. İndi icma qeydiyyatdan keçmək üçün sənədlərini hazırlayır. Bir də onun tikilməsi haqqında sərəncam problemlidir. Bu məsələləri həll etmək üçün icma çalışır. Axırı necə olacaq, onu mən deyə bilmərəm. Hər halda hazırda həmin məscidin sənədlərinin qaydaya salınması mərhələsi gedir.
- Belə anlaşılır ki, məscidin sökülməsi gündəmdə deyil?- Hər halda Dövlət Komitəsində belə bir mövzu yoxdur. Amma sərəncamla bağlı yerli İH, Bakı şəhəri İH hansı qərarı verəcək - bunu mən deyə bilmərəm. Sərəncam verəcək, yoxsa başqa qərar verəcək, deyə bilmərəm.
- Həmin məscidin inşası təşəbbüsü 90-cı illərin ortalarında H.Əliyev tərəfindən irəli sürülmüşdür. Daha sonra o, özü Suraxanı rayonunda səfərdə ikən həmin ərazinin tamamilə məscid tikintisi üçün ayrılmasını və bundan irəli gələn bütün çətinliklərin aradan qaldırılmasını Hacıbala Abutalıbova tapşırmışdı. O zaman H.Abutalıbov Suraxanı rayonun İH-nin başçısı idi. Məscidin sərəncam məsələsi də elə o zaman həll edilmişdi. Çünki bu məsələnin həllini o zaman H.Əliyev H.Abutalıbova şəxsən tapşırmışdı...- Başa düşdüm, sərəncamla bağlı başqa məlumat da deyirlər. Hər halda Dövlət Komitəsində bu saat o məscidin sökülməsi məsələsi yoxdur. O məscidin sənədlərinin qeydiyyata alınması prosesi gedir. Sənədlər qaydasına düşsün, məscid tam fəaliyyətini bərpa edəcəkdir.
- Deməli komitə sədrinin sökülmə ilə bağlı dediyi bildirilən fikirlər mövcud deyildir?- Mən dəqiq deyə bilmərəm. Yenə də deyirəm, o məscidin sökülməsi haqqında Komitə göstəriş vermir. Məndə olan məlumata görə, həmin sərəncam Bakı şəhər İH tərəfindən 2003-cü ildə ləğv edilib.
- Düzdür, belə bir sərəncam var. Qanunvericikdə isə belə bir maddə mövcuddur ki, əgər hər hansı bir sərəncam 3 il müddətində həyata keçirilməyibsə, o zaman həmin sərəncam öz qanuni qüvvəsini itirmiş olur.- Əlbəttə ki, yaxşı olardı ki, ilk sərəncam qüvvəsində saxlanılardı.
- KİV-də Komitə sədrinin rəsmi bir açıqlaması yayılıb: “Dövlət komitəsi məscidləri bağlamır. Komitə tərəfindən yalnız dini icmaların qeydiyyatı məsələsi qaldırılır”. İstərdik buna münasibətinizi bilək. Bağlanan məscidləri kim bağlayır?- Yasamal rayonunda olan məscidi RİH məsələ qaldırmışdı ki, qanunsuz tikilib. Onun sökülməsi haqqında da Yasamal RİH məsələ qaldırmışdı. Və yaxud da Goranboyda da belə bir məsələ qalxmışdı. QMİ işə qarışdı, məscid sökülmədi. Ümumiyyətlə, DK məscidlərdə yalnız qeydiyyat işləri ilə məşğuldur. Qanuna edilən yeni əlavələr görə bundan sonra yeni məscidlərin tikilməsi və məscidlərin bərpa olunması üçün DQİDK-nin rəyi lazım olacaq. Amma hər halda DK tərəfindən heç bir məscidin sökülməsi barədə heç bir sərəncam verilməmişdir.
- Fatimeyi Zəhra (s.ə.) məscidinin bağlanması haqqında DK-nin rəyi varmı?- Məndə olan məlumata görə bu yerli icra hakimiyyətinin mövqeyidir ki, bağlansın. O da ola bilər ki, Bakı şəhər İH-nin göstərişi ilə bunu edib. Mən bu problemin tam içində deyiləm, ona görə də tam deyə bilmərəm.
- Müsahibəyə görə təşəkkür edirik.Gün ərzində Fatimeyi Zəhra (s.ə.) məscidi ətrafında baş verənlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin də münasibətini öyrənməyə çalışdıq. QMİ sədrinin köməkçisinin bildirdiyinə görə, QMİ məsulları Qazaxıstanda səfərdə olduqlarından hazırda əlaqə saxlaya bilməyəcəklər. QMİ rəsmiləri vətənə dönəndə onların da münasibətini oxuculara təqdim etməyə çalışacayıq.
***
2 iyul 2009 [19:10]SURAXANI RAYON İCRA HAKİMİYYƏTİ MƏSCİDİN SÖKÜLMƏSİLƏ BAĞLI DEYİLƏNLƏRƏ AÇIQLAMA VERMƏKDƏN YAYINIR
Yeni Günəşlinin "Fatimeyi Zəhra (s.ə.)" məscidinin vəziyyəti ilə bağlı dindarların narahatlığına Suraxanı RİH-nin münasibətini aydınlaşdırmaq üçün Suraxanı RİH-nin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” üzrə şöbəsinin müdiri Məmmədov Rəşid Muslim oğluna müraciət etdik. RİH-nin şöbə müdiri vəziyyətə aydınlıq gətirmək yerinə onu daha da aydın olmayan istiqamətlərə çevirdi. RİH-nin məscidinin söküləcəyi haqqında səslənən fikirlərə münasibət bildirərkən Rəşid müəllimin açıqlaması isə yalnız belə olmuşdur: “Bu sözləri kim deyib ondan soruşun. Nə olsun bu haqda mətbuatda gedib”.
Xatırladaq ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “V” yaşayış sahəsinin mərkəzində yerləşən "Fatimeyi Zəhra (s.ə.)" məscidi dini icmasının üzvləri KİV-ə bildirmişdilər ki, Suraxanı RİH-dən onlara məscidin söküləcəyi haqqında xəbərdarlıqlar edilmişdir.
"Dəyərlər" AİN***
2 iyul 2009, 14:25DİNİ QURUMLARLA İŞ ÜZRƏ KOMİTƏDƏ Yeni Günəşlidəki "Fatimeyi Zəhra (s.ə.)" məscidi ətrafında baş verənlərlə bağlı DƏQİQLƏŞDİRMƏLƏR DAVAM EDİR
Yeni Günəşlidəki "Fatimeyi Zəhra (s.ə.)" məscidi ətrafında baş verənlərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəqiqləşdirmələr aparması haqqında məlumat vermişdik. DQİDK-nin bölmə müdiri Ceyhun Məmmədov bir gün öncə bu barədə “Dəyərlərə” açıqlamasında bildirmişdi ki, axşamadək deyilən məlumatları dəqiqləşdirilməsinə ehtiyac vardır. Axşama doğru bir daha onunla əlaqə saxlamağa çalışdıq. Lakin komitədən C.Məmmədovun yerində olmadığı bildirildi. Komitə sədri adından yayılan məlumatlara aydınlıq gətirilməsi üçün bu gün yenidən komitə rəsmisi ilə əlaqə saxladıq. Komitənin şöbə müdiri C.Məmmədov: “Mən işdə olmamışam. Bir dəqiq məlumat yoxdur. Dəqiqləşdirəndən sonra əlaqə saxlayarıq”.
Xatırladaq ki, son günlər DQİDK sədrinin məscidin söküləcəyini deməsi haqqında məlumatlar yayılmışdı. “”Dəyərlər” olaraq bu mövzulara aydınlıq gəlməsinə çalışsaq da, dəqiqləşdirilmələr aparılması ucbatından hələ ki, bu mövzulara aydınlıq gəlməmişdir. Mövzunu diqqətdə saxlayacayıq!
"Dəyərlər" AİN***
1 iyul 2009, 18:39Komitə Yeni Günəşlidəki Fatimeyi Zəhra (s.ə.) məscidi ilə bağlı dəqiqləşdirmələr aparır
Son günlər Yeni Günəşlidəki Fatimeyi Zəhra (s.ə.) məscidinin söküləcəyi yönündə ziddiyyətli informasiyalar gəldiyini xəbər vermişdik. Xəbərlərə əsasən bu haqda Suraxanı rayonu İH-dən məscidin axunduna sözü gedən məscidin söküləcəyi haqqında xəbərdarlıq edilib. Bundan sonra isə Suraxanı RPİ-nin 33-cü polis şöbəsindən axunda təzyiqlər edildiyi, daha sonra isə axundun məscidi tərk etdiyi bildirildi. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun "Fatimeyi Zəhra (s.ə.)" məscidi haqqında açıqlaması yayıldı. Bildirildiyinə görə komitə sədri məscidin söküləcəyi haqda qəti mövqeyini sərgiləmişdir. Verilən məlumatlara əsasən DQİDK-nin sədri Hidayət Orucov bildirib ki, məscid sökülməlidir. Komitə sədrinin bu mövzuda kimsənin ona yaxın gəlməsini arzulamadığı da bildirilir.
Yayılan xəbərlərin təsdiqinin tapıb-tapmadığını müəyyənləşdirmək üçün DQİDK-nin sədrinin mövqeyini öyrənməyə çalışdıq. Komitə sədrinin köməkçisi öncə yarım saat ərzində sədrin sualları cavablandıracağını desə də, sualların mahiyyətini açıqladıqdan sonra sədrin işlərinin çox olduğunu bildirdi. Komitə sədrinin köməkçisi daha sonra sualları komitənin mətbuat xidmətinin rəhbəri Yaqut xanıma ünvanlamağı bildirdi. Yaqut xanımı aradığımızda isə onun məzuniyyətə çıxdığı məlum oldu. Bunu sədrin köməkçisinə bildirdiyimizdə o, “dini komitə”nin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılovla əlaqə yaratmağımızı xahiş etdi. G.İsmayılovu aradığımızda isə məlum oldu ki, o, da 2 həftədir ki, işə çıxmır. Şöbə müdiri bunu son 2 həftədə şəxsi həyatı ilə bağlı işə çıxmadığını, buna görə də hadisələrdən məlumatlı olmadığını, - ümumiyyətlə, işə çıxmadığını deyərək baş verənlərə şərh verə bilməyəcəyini dedi. Belə halda ona xoşbəxtlik arzulayaraq yenidən sədrin köməkçisini aradıq. Bu dəfə köməkçi suallarımızı G,İsmayılovun əvəzedicisi Nahid adlı şəxsin cavablandıracağını bildirdi. 20-25 dəqiqə ərzində Nahid müəllimi də arasaq da, çox təəssüf ki, onunla da əlaqə yaratmaq mümkün olmadı (beləki telefonun dəstəyini qaldıran olmadı). Bir daha sədrin köməkçisini aradığımızda bu dəfə də o, komitənin “Dinşünaslıq ekspertizası bölməsi”nin müdiri Ceyhun Məmmədovla danışa biləcəyimizi bildirdi. C.Məmmədov ona ünvanlanan suallarla tanış olduqda, o, da bu suallarla mətbuat xidmətinin rəhbəri Yaqut xanıma müraciət etməyimizi bildirdi. Lakin biz Yaqut xanımın məzuniyyətdə olması haqqında bölmə müdirini məlumatlandırdıqda onun bizə cavabı belə oldu: “Mən axşam işdə olmamışam. Dediyiniz məlumatları dəqiqləşdirim sonra danışaq. Axşam əlaqə saxlayın, suallarınızı cavablandırarıq”.
Qeyd edək ki, son günlər DQİDK-nin sədri Hidayət Orucovun Yeni Günəşlidəki "Fatimeyi Zəhra (s.ə.)" məscidinin sökülməsinə “hə” dediyi istiqamətində xəbərlər gəlməkdədir. Bu kimi xəbərlərə, ümumiyyətlə həmin məscid haqqında DQİDK-nin mövqeyini öyrənmək isə göründüyü kimi kifayət qədər qaranlıqda əntiq bir əşyanın əldə edilməsinə bənzəməkdədir. Belə halda DQİDK sədri haqqında yayılan məlumatların şübhə altına düşməsi sezilir.
Onu da qeyd edək ki, bu arada komitə sədrinin müavini Elçin Əsgərovu da arasaq da, onun da telefonunun dəstəyini qaldıran olmadı.
Xatırladaq ki, bir qədər öncə DQİDK-nin sədr müavini E.Əsgərov məscidin taleyi ilə bağlı “Trend” İA-nə açıqlama vermişdi. Onun sözlərinə görə məscidin təmir-tikinti işləri tam başa çatdırıldıqdan sonra Allah evi inanc əhlinin ixtiyarına veriləcəkdir. Məscidin sökülməsi haqqında söhbətləri sədr müavini qətiyyətlə təkzib etmişdi.
"Dəyərlər" AİN***
1 iyul 2009, 14:11YENİ GÜNƏŞLİDƏKİ "FATİMEYİ ZƏHRA (S.Ə.)" MƏSCİDİ SÖKÜLMƏK TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDİR
Son günlər Yeni Günəşlidəki Fatimeyi Zəhra (s.ə.) məscidinin söküləcəyi yönündə xəbərlər gəlməkdədir. Xəbərlərə əsasən bu haqda Suraxanı rayonu İH-dən məscidin axunduna xəbərdarlıq edilib. Məlumatların doğruluğunu araşdırdığımızda məlum oldu ki, məscidin axundu Mir Nəsəb bir neçə gün olar ki, paytaxtı tərk edərək rayonlardan birinə gedib. Axund Mir Nəsəb bizimlə söhbətində həqiqətən də rayonda olduğunu təsdiqlədi. Axund məscidi belə ağır vəziyyətdə qoyub getməsini övladları üçün rayonda ev təmir etməsi ilə əlaqələndirdi. O, məscidin tikintisində iştirak edib, lakin indi isə onun sökülməsi təzyiqləri ilə üzləşdiyi üçün kənara çəkildiyini bildirdi: “Mən heç nə edə bilmərəm. Bundan sonra o məscidə qəti olaraq ayağımı da qoya bilmərəm”. Məscidə bir daha ayaq basmamasını onun söküləcəyi ilə əlaqələndirdikdə ona DQİDK-nin sədr müavinin məscidin sökülməyəcəyi haqqındakı bəyanatını onun diqqətinə çatdırdıq. Axund isə bunun onun üçün əhəmiyyət kəsb etmədiyini vurğulayaraq dedi: “Möminlər gəlib-getsin də. Mən oradan çıxdım. Başım ağrayar, mənim nəyimə lazımdır. Tikmək mənə tapşırılmışdı, tikdim. İndi kim sökür Allah bilir, o adam özü bilir. Sökürlər, söksünlər də. Mən guya gəlib orada camaata deyəcəyəm ki, sökməyin. Mən onu min bir çətinliklə, xümsla, zəkatla, kəbin pullu ilə tikmişdim. Bəlkə də sökmədilər. Hələ belə də qalıb. Camaat gəlir gedir. Məscidin işığını kəsiblər, camaat elə qaranlıqda ibadətlərini edir. Elə həmin vəziyyətdədir. Təmir tikinti işləri də getmir. 1 aydır işləri yarımçıq saxlayıblar. Yoxsa indiyədək tikintini başa vurmuşduq, məscidin üstü də qurtarmışdı. Mən bilmirəm, xainliklə saxlayırlar, yoxsa nədir? Özləri bilər, Allah bilər. Mənlik deyil”.
Məscidin axundu ilə söhbətdən sonra "Fatimeyi Zəhra (s.ə.)" məscidinin icma sədri Hacı Hüseynlə əlaqə yaratmağa çalışdıq. Məlum oldu ki, o, da Kərbəla ziyarətində olduğundan telefonu qapadılıb. Hal-hazırda Hacı Hüseyn ölkədə olmadığından onun məscidin durumu ilə bağlı fikirlərini ala bilməsək də, yerli möminlərdən bəzi məlumatları əldə edə bildik. Verilən məlumatlara əsasən DQİDK-nin sədri Hidayət Orucov bildirib ki, məscid sökülməlidir. Komitə sədrinin bu haqda da kimsənin ona yaxın gəlməsini arzulamadığı da bildirilir. Hazırda inanc əhli canları ilə, qanları ilə məscidi qoruduqlarını bildirirlər. Bizimlə söhbətində mənbəmiz axund Mir Nəsəbin məsciddən getməsini ona edilən polis təzyiqləri ilə əlaqələndirmişdir. Bildirildiyinə görə məscid axundunun çox yaşlı olmasını və ona edilən təzyiqlər qarşısında səhhəti ilə bağlı yarana biləcək təhlükələrin qarşısını almaq üçün yaxın qohumları onu Azərbaycanın rayonlarından birinə aparıb. Verilən məlumatlara əsasən axundu məsciddəki fəaliyyətindən uzaqlaşdıran şəxs yerli İH-nin məmurları ilə yaxın sıx ünsiyyətləri vardır. Onun “Fatimeyi Zəhra (s.ə.)” məscidin söküləcəyi haqda Suraxanı rayonu İH-nin qərar verə biləcəyi barədə də məlumatlı olması və bu səbəbdən də axundu oradan uzaqlaşdırması haqqında da məlumatlar da daxil olmaqdadır.
Xatırladaq ki, DQİDK-nin sədr müavini məscidin taleyi ilə bağlı “Trend” İA-nə açıqlama vermişdi. Onun sözlərinə görə məscidin təmir-tikinti işləri tam başa çatdırıldıqdan sonra Allah evi inanc əhlinin ixtiyarına veriləcəkdir. Məscidin sökülməsi haqqında söhbətləri sədr müavini qətiyyətlə təkzib etmişdi.
"Dəyərlər" AİN***
24 iyun 2009 [17:18]Dövlət komitəsi “Həzrət Fatimə (s.ə.)” məscidinin tezliklə açılacağını bildirib
Elçin Əsgərov: “Qeydiyyatdan keçdikdən sonra Yeni Günəşli qəsəbəsindəki “Həzrət Fatimə (s.ə.) məscidi yenidən fəaliyyətə başlayacaq”
Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki “Həzrət Fatimə (s.ə.)" məscidinin bağlanmasına münasibət bildirən Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin sədr müavini Elçin Əsgərov bildirib ki, məscidin sökülməsi və ya tamamilə qapadılmasından söhbət gedə bilməz, - “1news” xəbər verir.
Elçin Əsgərov bildirib ki, keçən həftə məscidin bağlanması haqqında qərar qəbul edilib, belə ki, məsciddə 1997-ci ildə tikinti işləri başlanandan, Allah evi Dövlət komitəsinin qeydiyyatından keçməyib. O qeyd edib ki, məscidlə bağlı digər hər hansı problem yoxdur və heç kimi inanclıların əlindən bu məscidi almaq fikrində deyil.
“Hazırda bu problemin çözülməsi ilə bağlı işlər gedir və məscid rəhbərliyi qeydiyyat üçün lazımi sənədlərin toplanması ilə məşğuldur. Və əgər bütün lazımi sənədlər toplanarsa, “Həzrət Fatimə (s.ə.)" məscidinin qeydiyyatından sonra yenə də öz işini davam etdirəcək”, - deyə E.Əsgərov fikrini yekunlaşdırıb.
"Dəyərlər" AİN***
23 iyun 2009, 16:34“Həzrət Fatimə (s.ə.)” məscidinin axundu Mir Nəsəb: “Polis gəlmişdi və deyirdi ki, namaz qılanlar məscidə buraxılmayacaqlar. Allah evini də uçuracağıq”
“Həzrət Fatimə (s.ə.)” məscidinin axundu Mir Nəsəb: “Polis gəlmişdi ki, namaz qılanlar məscidə buraxılmayacaqlar. Allah evini də uçuracağıq”Ötən həftənin sonundan İslam Mədəniyyəti Paytaxtı-2009 olan Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin mərkəzində yerləşən "Fatimeyi-Zəhra (s.ə.)" məscidinin üzərini də qara buludlar almışdır. Öncə məscidə gələn yerli icra orqanları məscidin bağlanaraq icmanın da yenidən qeydiyyatını tələb etmişlər. İnanclı insanlar məscidi tərk edəndən sonra Allah evinin həyətinə Suraxanı RPİ-nin yerli polis bölməsinin rəisi başda olmaqla polis qüvvələri gəlmişdir. Bölmə rəisi məscidin qapılarının qıfıllanmasını, həmin axşamdan məsciddə camaat namazlarının dayandırılmasını tələb etmişdir. Səhəri gün isə məscidin hasarlarına qadağa plakatları vurulmuşdur. Mənbələrimizin verdiyi məlumatlara görə, hadisələrin başladığı gecədən Allah evinin işıqları da kəsilmişdir. İnanc əhli bunu özlərinə qarşı növbəti təzyiq vasitəsi kimi dəyərləndirmişdir. Belə ki, həmin ətrafda işığı sönən yalnız "Fatimeyi-Zəhra (s.ə.)" məscidi olmuşdur. Hal-hazırda məscid ətrafındakı durumla bağlı
axund Mir Nəsəblə əlaqə saxladıq. 70-80 yaşlarında olan ağsaqqal “Dəyərlər”ə müsahibəsində aşağıdakı açıqlamaları vermişdir:
- Sənədlərimizi təhvil verimişik. Biz tərəfdən heç bir çatışmamazlıq yoxdur. Mənə təzyiq göstərsələr, mən özüm demişəm, bütün hamısını çağıracağam. Bu elə-belə məscid deyil axı. Bunu keçmiş ölkə başçısı H.Əliyev verib. Yerini də verib, hər şeyi də verib. Özü də o vaxt da demişdi ki, hər nə qədər yer lazımdır, götürün. Ətrafında da məsciddən də başqa heç bir obyekt tikilməyəcək. Obyekt tikdilər, hər iş gördülər, yenə də mən əhəmiyyət vermədim. İndi məscidimiz tikilib qurtarmaq üzrədir. Günbəzi qalıb, onu da tikəndən sonra Allah evinin inşasını qurtarırıq. Heç bir təzyiq yoxdur. Elə bir çətinliyimiz də yoxdur. Ancaq işığımızı söndürüblər. Deyirlər ki, guya kabel qırılıb. İndi qaranlıqda bir hissəmiz namaz qılır. Azan verə bilmirik və s. Bir də polis deyib ki, qapılardan qıfıl asın ki, camaat görsün ki, buranı bağlamışıq. Axı bunlar kimdirlər ki, məscid bağlayalar?
- Məlumata görə, məscidə ilk təzyiq icra orqanlarından başlamışdı. Elə bu niyyətlə məscidə ilk gələnlər də onlar olmuşdu. İcra orqanları niyə gəlmişdirlər?- Onlar gəlmişdilər ki, Allah evinin tikintisini dayandıraq. Deyirdilər ki, Milli Məclis qərar çıxarıb ki, təzədən qeydiyyatdan keçəsiniz. Dedim, baş üstə, keçirdərəm. Biz də bütün sənədləri, hər şeyi təzədən qeydiyyatdan keçirdik. Notariusda da təsdiq elətdirdik. Dünən də sənədləri təqdim etdik QMİ-yə. Ona görə ki, bizdə din dövlətdən ayrıdır. İkincisi də, axı bunların haqqı çatmır ki, məscidin yerini qəsb edələr. Onun yerini bu camaata Heydər Əliyev verib. Biz də onun verdiyi torpaqdan istifadə etmişik. Bizə də demişdi ki, bu məscidin ətrafında ayrı heç nə tikilməyəcək. Hələ yerimiz çatmır, üstəlik istəyirlər ki, yerimizidən də götürsünlər. Bu olmayacaq. Mən respublikanın, üzr istəyirəm, necə deyərlər, ağsaqqalıyam. Qan düşəndə mən gedirəm bağlamağa. Mən indi özüm burada münaqişə yarada bilmərəm. Bu olmayacaq.
“İşığımızı söndürüblər. Azan verə bilmirik”
- İcra orqanlarından sonra Allah evinə polis gəlmişdi. Polis nə istəyirdi?- Polis gəlmişdi ki, namaz qılanlar məscidə buraxılmayacaqlar. Allah evini də uçuracağıq. Bundan sonra qadınlar onlara etirazını bildirdi. Bundan sonra polislər getdi. Sonra da gəlib həmin o mənim xəbərim olmayan, amma mənim adımdan olan plakatları vurublar məscidin hasarlarına. Deyirəm bunu mənim adıma niyə vurubsunuz? Dedilər ki, “belə məsləhətdir. Bizi görərlər, daşa basarlar”. Ay kişi, camaat yaxşı bilir ki, bu tikinti Allaha görədir. Camaatın imanı var bura. Burada düzgünçülük var, ona görə. Nə isə. Sizdən bir dənə xahişim var. Bizə ancaq işıq lazımdır. Gecə qaranlığda namaz qılırıq (ağlayır). Uşaqlar evdən, ordan-burdan işıqlar, alışqan fənərlər tapıb gətirirlər. Onlarla namazları qılırıq. Telefonlarının fənərlərindən də işıq kimi istifadə edirik.
“Gəlib həmin o mənim xəbərim olmayan, amma mənim adımdan olan plakatları vurublar məscidin hasarlarına...”
- Allah Təala kəməyiniz olsun. Bəs, nə məlumat var, mömin və möminələr nə zaman məscidə ibadətə buraxılacaqlar?- Onu mən bilmirəm. İbadətə gəlirlər. İbadətə gələnlər ki, var, onların biri də qorxmur. Hasarı aşıb gəlirlər. Qapını aça bilənlər oradan gəlir. Camaat namazımız da davam edir. Ancaq işığımız yoxdur, namazlarımızı qaranlıqda qılırıq. İşıqda da bizi aldadıblar. Ətrafda hər yerdə işıq var. Bizə isə deyirlər ki, guya burada kabel qırılıb. Xarabdır, alacağıq. Dedik, qoyun biz alaq. Dedilər ki, yox, özümüz edərik. Sonra da dedilər ki, hələlik düzəldə bilməmişik. Ay kişi, bizə bir dənə işıq versinlər, heç olmasa azan verə bilək. Deyəsən azanı qadağan etmək istəyirlər. Bura Fələstindir, nədir? (Xatırladaq ki, son Qəzza hadisələrində Fələstinin də "Fatimeyi-Zəhra (s.ə.)" məscidinin bir hissəsi sionistlər tərəfindən raket atəşinə tutulmuş və uçurulmuşdu – Dəyərlər). İndi namaza gələnlərdən möminlər yox, əsasən qadınlar qıfılı görüb qayıdıb gedirlər. Özü də plakat gətirib vurublar mənim adımdan. Plakatda da yazıblar ki, məscid təmir-tikinti getdiyi üçün müvəqqəti olaraq bağlanıb. Altından da yazıblar müdiriyyət. Mənim isə bundan heç xəbərim yoxdur.
- Kim vurub ki, o plakatları?- Polis gəlib vurub. Amma bilmirəm bölmədən ediblər, yoxsa şəhər polisindən.
Xatırladaq ki, KİV-də yayılan məlumatlara əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib ki, Yeni Günəşli qəsəbəsində yerləşən “Həzrət Fatimə (s.ə.)” məscidinin bağlanması barədə bu qurum məlumatlı deyil.
Mötəbər mənbələrdən “Dəyərlər”ə bildirilib ki, işığın kəsilməsi barədə göstəriş icra hakimiyyətindən verilib. Mövzunu diqqətdə saxlayacağıq. Deyerler.Org
***
HƏDƏFDƏ GÜNƏŞLİDƏKİ “HƏZRƏT FATİMƏ (s.ə)” MƏSCİDİDİR?
22 iyun 2009 - 15:47Keçən həftənin sonundan etibarən Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən “Həzrət Fatimə (s.ə)” məscidinin bağlnamasına və sökülməsinə dair DEVAMM-a məlumatlar daxil olur. DEVAMM sədri İlqar İbrahimoğlu bildirir ki, günorta vaxtı məscidə icra hakimiyyətinin nümayəndələrinin gəlməsi və inanclı insanların məscidə gəlməmələrinə dair xəbərdarlıq etməsi barədə siqnallar daxil olmuşdur. Xəbər verildiyinə görə, icra hakimiyyəti nümayəndələrindən dərhal sonra polis qüvvələri əraziyə cəlb edilmişdir.
Polis işçiləri birmənalı olaraq inanclı insanlara bildirmişlər ki, axşam vaxtı məsciddə namaz qılmağa icazə verilmyəcəkdir. Axşam çağlarında namazdan öncə məscidə gələn polis məmurları məscidin axundu ilə danışıqlarda qeyd etmişlər ki, onlara burada namaz qılmağa icazə verilməməsi haqqında göstəriş verilib. Danışıqların sonunda məscid məsulları namaza gələn inanclı insanlara bildrimişlər ki, axşam namaz qılınmayacaq. Artıq sabahı gün gunortadan etibarən inanclı insanlara məscidə girişə qadağa qoyulmuşdur.
DEVAMM sədri İlqar İbrahimoğlu vicdan azadlığı sahəsində yaşanan bu olayla bağlı dərin narahatlığını təzahür etmiş və inanclı insanların ibadətinə maneə törədilməsinin acı təəssüf doğurduğunu bildirmişdir. DEVAMM sərdi vurğulamışdır ki, rəhbərlik etdiyi qurum vəziyyətin monitorinqini davam etdirir. Hal-hazırda yüzlərlə inanclı insan bu məsciddə ibadət etmək imkanından məhrum edilmişlər.
Deyerler.Org


















Şərhlər: 0